Dil xalqın, millətin kimliyini, tarixi keçmişini, mədəniyyətini özündə əks etdirən, əsrlərdən əsrlərə çatdıran milli sərvətdir. Ana dili hər bir xalqın varlığının sübutudur. Dil varsa, xalq da var. Dili olmayan xalq isə ölüdür, yoxdur. Azərbaycan dili ən ali dəyərimizdir. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir” fikirlərinin müəllifi olan Ulu Öndər Heydər Əliyev Vətənin, xalqın müdafiəçisi olmaqla yanaşı, həm də onun ana dilinin də təəssübkeşidir. Ümummilli Liderin həyata keçirdiyi məqsədyönlü siyasətin bir qolu da ana dilimizlə bağlı olmuşdur. Dahi şəxsiyyət olduqca çətin və ziddiyyətli bir dövrdə sarsılmaz iradə və ciddi səylər nəticəsində 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiyasına “ Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsinə nail olmaqla ana dilimizin qayğıkeşi və hamisi olduğunu, ana dilinə nə dərəcədə önəm verdiyini göstərdi. Bundan sonrakı dövrlərdə də dil siyasətini davam etdirdi. Heydər Əliyev ana dilimizin keçmişi ilə yanaşı, yaşadığı dövrdə də dilin problemlərini daim nəzarətdə saxlamış, davamlı olaraq mühüm tədbirlərin həyata keçirilməsi ilə bağlı qərarlar vermişdir. Ulu Öndər Heydər Əliyevin fikirlərinə istinad edib deyə bilərik ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. Dilimiz nə qədər zəngin, nə qədər məlahətli, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik. Hər bir Azərbaycan vətəndaşı öz ana dilini -Azərbaycan dilini uca tutmalı, onu qorumalı, dilin saflığına əməl etməlidir. Azərbaycan dilinin yaşamasında bacardığımız xidməti göstərməliyik. Dilimiz müqəddəsdir. Dilimiz varlığımızdır. Şahilə Zeynalova,Xocalı rayon Kosalar kənd tam orta məktəbin müəllimi